Thursday, April 24, 2014

Bəzən, sadəcə olmur eyni tempdə davam etmək…

Bakıda qalsaydım mən də bu il məzun olacaqdım, magistratura hayında fırlanacaqdım, bakalavrı bitirməyə – böyük ehtimal ki – sevinəcəkdim, şikayət mənbəyi olan Narxozdan, müəllimlərdən, uşaqlardan canımı qutardığıma görə yerə göyə sığmayacaqdım və məzun olacaq hər kəsin süni ağlaşma statusların oxuyub kilo-kilo ət tökəcəkdim. Amma Bakıda qalmadım, məzun olmadım, magistratura havasını atdım, ət-tökənski statuslardan olmasa da narxozdan canımı qutardım və yenidən bakalavra başladım. Bu dəfə qürbət eldə. Bakıda universitetə həvəslə və ya həvəssiz qəbul oldun, fərqi yoxdur, onsuz da orda universitetə qəbul olan hər kəsin bir ortaq şüarı var: universitetə bir girən sevinir bir də bitirən! Mən də öz ilimin qalibləri kimi çox sevinmişdim ki, 605 bal ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu və Audit ixtisasına qəbul olmuşam. Pfft. Hər şey qəbul olduğum ilin (2010) 15 sentyabrından bəlli oldu – 4 illik haqsız zülm məni gözləyirdi. Ya 4 il ev və universitet arasında yol ölçməliydim ya da özümə “gün ağlamalıydım”. Birinci kursu planlar qurmaqla keçirtdim. İkinci kursda Universitet-Unibank-Ev qədər genişləndirdim marşrutumu. Üçüncü kursun başlağıcında artıq bütün fikirlərim dəyişmişdi – mən narxozda qalmaq istəmirdim daha! Unibankdan çıxmışdım, IELTS imtahanı vermişdim, elə təhsil aldığım universitetdə də könüllü olaraq işə müraciət etmişdim. Könüllü işinə qəbul oldum da, digər bir işə də qəbul oldum sonradan və hətta IELTS balımdan da yararlandım. Nəticədə, universitetdən bilik qazanmasam da, digər fürsətlərdən yararlanıb bilik boşluğunu iş ilə kompensasiya etməyə çalışdım. Üçüncü kursun xülasəsini versəm, deyərdim ki, Azərbaycanda yaşadığım müddətdə yeganə düzgün qərarlar verdiyim, ağılla hərəkət etdiyim il olub. Və onun nəticəsi olaraq, 3 il universitet həyatını heyif etməyimə baxmayaraq hal-hazırda Böyük Britaniyada Nyukastl Universitetində yenidən bakalavr təhsili alıram. Bu pilləyə gəlib çıxmağımda mənə kömək və dəstək olan hər kəsə cani-könüldən təşəkkürlərimi yollayıram. Ən əsası istisnasız bütün müvəffəqiyyətlərimə mənimlə bərabər və hətta məndən çox sevinən valideynlərimə dərin minnətdarlığımı çatdırıram bütün dəstəkləri, inamları, güvənləri, qayğıları, sevgiləri, motivasiyaları və hər zaman yanımda və başımın üstündə durduqları üçün! Anamın Atamın məni pediatr kimi görə bilmək arzularını gerçəkləşdirə bilməsəm də, övlada veriləcək ən dəyərli hədiyyə – əsl savada sahib olmaq arzuları uğrunda mübarizə apardığımı zənn edirəm. Oxey, düzdü, hərdən çox darıxıram burda təklikdən, amma həyatımdan 40 il alan narxozda keçirtdiyim savadsızlıq stressindənsə başımda az-çox biliyin olmasını tərcih etməyə davam edəcəm :)Kim nə qədər heyfislənib mənim 3 ili atıb gəlməyimə, çox gözəl anlayıram, amma bəzən, sadəcə olmur eyni tempdə davam etmək…
-Sizin Turanə :)
P.S. Təhsil almaq üçün heç vaxt gec deyil. Cəmisi 1 ilim qalmışdı Narxozda, amma bilik sahibi olmadan diplom yiyəsi olmağın nə faydası? Sizə xeyri dəyməyən, heç nə mənimsəmədiyiniz, yararlana bilmədiyiniz, sadəcə adı üstündə olan təhsil ocağını önəmsəməyə dəyib-dəymədiyini təkrar düşünməyə dəyər. “İl itirmək” qorxusu sizi ya savadsızlığa sürükləyəcək ya da sonradan peşmançılığa…

No comments:

Post a Comment