Thursday, April 24, 2014

Bəzən, sadəcə olmur eyni tempdə davam etmək…

Bakıda qalsaydım mən də bu il məzun olacaqdım, magistratura hayında fırlanacaqdım, bakalavrı bitirməyə – böyük ehtimal ki – sevinəcəkdim, şikayət mənbəyi olan Narxozdan, müəllimlərdən, uşaqlardan canımı qutardığıma görə yerə göyə sığmayacaqdım və məzun olacaq hər kəsin süni ağlaşma statusların oxuyub kilo-kilo ət tökəcəkdim. Amma Bakıda qalmadım, məzun olmadım, magistratura havasını atdım, ət-tökənski statuslardan olmasa da narxozdan canımı qutardım və yenidən bakalavra başladım. Bu dəfə qürbət eldə. Bakıda universitetə həvəslə və ya həvəssiz qəbul oldun, fərqi yoxdur, onsuz da orda universitetə qəbul olan hər kəsin bir ortaq şüarı var: universitetə bir girən sevinir bir də bitirən! Mən də öz ilimin qalibləri kimi çox sevinmişdim ki, 605 bal ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu və Audit ixtisasına qəbul olmuşam. Pfft. Hər şey qəbul olduğum ilin (2010) 15 sentyabrından bəlli oldu – 4 illik haqsız zülm məni gözləyirdi. Ya 4 il ev və universitet arasında yol ölçməliydim ya da özümə “gün ağlamalıydım”. Birinci kursu planlar qurmaqla keçirtdim. İkinci kursda Universitet-Unibank-Ev qədər genişləndirdim marşrutumu. Üçüncü kursun başlağıcında artıq bütün fikirlərim dəyişmişdi – mən narxozda qalmaq istəmirdim daha! Unibankdan çıxmışdım, IELTS imtahanı vermişdim, elə təhsil aldığım universitetdə də könüllü olaraq işə müraciət etmişdim. Könüllü işinə qəbul oldum da, digər bir işə də qəbul oldum sonradan və hətta IELTS balımdan da yararlandım. Nəticədə, universitetdən bilik qazanmasam da, digər fürsətlərdən yararlanıb bilik boşluğunu iş ilə kompensasiya etməyə çalışdım. Üçüncü kursun xülasəsini versəm, deyərdim ki, Azərbaycanda yaşadığım müddətdə yeganə düzgün qərarlar verdiyim, ağılla hərəkət etdiyim il olub. Və onun nəticəsi olaraq, 3 il universitet həyatını heyif etməyimə baxmayaraq hal-hazırda Böyük Britaniyada Nyukastl Universitetində yenidən bakalavr təhsili alıram. Bu pilləyə gəlib çıxmağımda mənə kömək və dəstək olan hər kəsə cani-könüldən təşəkkürlərimi yollayıram. Ən əsası istisnasız bütün müvəffəqiyyətlərimə mənimlə bərabər və hətta məndən çox sevinən valideynlərimə dərin minnətdarlığımı çatdırıram bütün dəstəkləri, inamları, güvənləri, qayğıları, sevgiləri, motivasiyaları və hər zaman yanımda və başımın üstündə durduqları üçün! Anamın Atamın məni pediatr kimi görə bilmək arzularını gerçəkləşdirə bilməsəm də, övlada veriləcək ən dəyərli hədiyyə – əsl savada sahib olmaq arzuları uğrunda mübarizə apardığımı zənn edirəm. Oxey, düzdü, hərdən çox darıxıram burda təklikdən, amma həyatımdan 40 il alan narxozda keçirtdiyim savadsızlıq stressindənsə başımda az-çox biliyin olmasını tərcih etməyə davam edəcəm :)Kim nə qədər heyfislənib mənim 3 ili atıb gəlməyimə, çox gözəl anlayıram, amma bəzən, sadəcə olmur eyni tempdə davam etmək…
-Sizin Turanə :)
P.S. Təhsil almaq üçün heç vaxt gec deyil. Cəmisi 1 ilim qalmışdı Narxozda, amma bilik sahibi olmadan diplom yiyəsi olmağın nə faydası? Sizə xeyri dəyməyən, heç nə mənimsəmədiyiniz, yararlana bilmədiyiniz, sadəcə adı üstündə olan təhsil ocağını önəmsəməyə dəyib-dəymədiyini təkrar düşünməyə dəyər. “İl itirmək” qorxusu sizi ya savadsızlığa sürükləyəcək ya da sonradan peşmançılığa…

Wednesday, April 16, 2014

Amsterdam, Hollandiya

Ərazisinin dörddə birindən çox hissəsi dəniz səviyyəsindən aşağı olan Hollandiyanın Amsterdam şəhərinədir səfərimiz. Amsterdam təkcə Avropada deyil, eləcə dünyada ən gözəl, ən təmiz və ən gəzməli-görməli şəhərlərdəndir! Mütləq pulunuzu yığıb bir dəfə də olsa bu şəhərə səyahət edin.
  • Hollandiyanın torpağı bataqlıq və gillərdən ibarət olduğu üçün burda demək olar ki, tülpanlardan başqa heç nə bitmir. Hətta evlər belə taxta dirəklər üzərində tikilir ki, bataqlığa məruz qalmasın. Tülpanlar demişkən, Amsterdama səfər etsəniz, Keukenhof Bağlarına getməyi unutmayın. Keukenhof Bağları Avropada birinci, dünyada isə, ikinci ən böyük tülpan bağı sayılır (Dubay Möcüzə Bağları birincidir).
  • Amsterdamda əhalidən çox velosiped var. Şəhərin 700 min sakini olduğu halda, 1 milyondan da çox velosipəd var bu şəhərdə. Küçələr və körpülər ensiz, maşınsaxlama məntəqələri çox baha olduğuna görə Amsterdamın əhalisi velosipedlə səfər etməyi tərcih edir.
  • Amsterdam aeroportu dünyada yeganə aeroportdur ki, orada muzey var. Bundan əlavə Amsterdamda olarkən mütləq səyahət etməli muzeylər var ki, bura Van Gogh Museum, Anne Frank Haus, Sex Museum, Gassan Diamonds, Science Center NEMO və sair daxildir.
  • Amsterdam dünyada ən diverse (rəngarəng deyək bu halda) şəhər sayılır, çünki burada 170-dən çox müxtəlif millətlərin sakinləri yaşayır.

Bu şəhərdən ən yadda qalan xatirələrim:
  • Qırmızı işıqlar məhəlləsini gəzib, dolaşıb və axırda tən ortasında bir kilsə görmək idi. Qeyd edim ki, bu "məhəllədə" şəkil çəkmək qəti qadağandır. Yaxşı ki, telefonumun və fotoaparatımın batareykası bitmişdi, yoxsa məhəllənin şəklini çəkmək ürəyimdə qalacaqdı.
  • Pasport yoxlanışı. Kiçik avro-turumuzdan Hollandiya yeganə ölkə idi ki, nə ölkəyə daxil olanda nə də ölkədən çıxanda heç kim bizim pasportumuzu yoxlamadı. Tanış-tunuş deyəndə ki, bu ölkədə hər şey qanunidir, mən onu istisnalarla qavrayırdım. Lakin, doğurdan da hər şey qanuni imiş Hollandiyada.
  • LGBT. Hollandiya mavilərin ölkəsi sayılsa da, Amsterdamda bu quruma aid insanlara rastlaşdığımı xatırlamıram.
  • Küçə kartoşkası. Mən belə adlandırıram bunu çünki çöldə bir butkada satılan kartoşdu. Normalda Anamın sözündən çıxmayıb küçə yeməyi yeməyən mən, acından qırıldığım üçün və gecə olduğundan kafelərin, restoranların iş vaxtının bitdiyi üçün küçədə ilk gördüyüm qida məhsuluna hücum çəkdim. Bəxtimdən də, sağlam olmasa belə, tövsiyə edəcəyim dərəcədə dadlı bir junk food idi. Amsterdamda olanda mütləq orda konus içində satılan qızardılmış kartoşkalardan alıb yeyin! Dadacağınız ən möhtəşəm kartoşlardan biri olacaq! Amsterdam Centraal qatar stansiyasına yaxın ərazilərdə yerləşir. 
Amsterdamın təyyarədən görünüşü

Amsterdamın təyyarədən görünüşü


Amsterdam Centraal - mərkəzi qatar stansiyasının önündə

Amsterdamda tipik küçələrdən biri

Hotel Di-Ann və suvenir mağazaları, Amsterdamın mərkəzində


I am sterdam - Amsterdama gedib və bu yazı ilə şəkil çəkdirməmisinizsə, demək siz nə qədər kiməsə öz səyahətiniz barədə
danışsanız da sizin əlinizdə sübut yoxdur ki, siz Amsterdamda olmusunuz :D

Homomonument ərazisi

Keukenhof Bağlarında gölkənarı park

Keukenhof Bağlarının kənarındakı müxtəlif rəngli tülpan tarlaları







Clogs - Hollandiyanın ən qədim ayaqqabılarındandır, taxtadan hazırlanır və hazırda turist aktrasyonlarındadır.


X-tra huge Clog

Amsterdamın hər künc-bucağında coffeeshop'lara rast gələ bilərsiniz. Ağlınız ciciş-miciş kofelərə getməsin,
bunların hamısına nəşə qatırlar.

Amsterdamı əks etdirən iki rumka :)