Friday, April 5, 2013

Ümidini İtirmə!

Bu postu yazmağa məni nə vadar etdi, bilmirəm. Bəlkə də, son vaxtlar tez-tez sıxıntıya düşüb çıxış yolu tapmağımda və ya tapa bilməyimdədir səbəb. Bu tədris ili başlayandan fikirləşirdim ki, hər şey II kursda olduğu kimi gedəcək. Birinci semestr şellənmək, üzügülər olmaq, hər kəslə dostyana yola getmək sonra isə ikinci semestr birinci semestrin tam əksini yaşamaq. Lakin, çox sevindim ki, bu ehtimalımda yanıldım. İlk öncə bu tədris ilində mən ilk dəfə sessiyada biliyimi qarşıma qoyub çalışdım, imtahanlarımı gözəl qiymətlərlə başa vurub bitirdim. Daha sonra heç gözləmədiyim və hətta əlimi tamamilə üzdüyüm anda – Fevralın 12-si iş təklifi aldım. Tam ürəyimcə olan bir karyera olmasa da, vaxt keçdikcə gördüyüm işlərə öyrəşib onları sevməyə başladım. Bunlardan da daha gözəli odur ki, bu semestr başım dincdi. İndiyə qədər həmişə səhv insanlar çıxıb qarşıma, hər zaman səhv insanlarla dostluq etmişəm, ömür billah səhv insanlara güvənmişəm. Hələ onlara insan dediyimə görə və onları adam yerinə qoyduğuma görə özümdən üzr istəyirəm. Amma bu il hələ etdiyim heç nəyə görə peşmançılıq çəkməmişəm. Düzdür müəyyən tulalarla, it-qurdlarla rastlaşmaq alnıma yazılsa da, onların həyatımda olmamağı mənə kifayətdir! ^_^ İnsanları (!) bağışlamaq lazımdır, sırf öz başın dinc olsun deyə. Və heç vaxt düzgün insanlarla rastlaşacağına ümidini itirməmək lazımdır. Eləcə də məqsədlərinə çatmaqda da. Walt Disney’nin xoşuma gələn çox gözəl bir sözü var: “Əgər onun xəyalını qura bilirsənsə, mütləq onun özünü də gerçəkləşdirə bilərsən!” Bu mənim məqsədlərimə doğru addımlamağım üçün böyük motivasiyadı. İndiyənə qədər çox az məqsədlərim natamam qalıb :) Baxmayaraq ki, Azərbaycanda qız uşaqlarına oğlanlar qədər şərait yaradılmır öz istəklərini gerçəkləşdirmək üçün, yenə də nəyisə əldə etmək olar burda. İnsan qarşısında yeganə maneə onun həmin məqsədə çata bilməməyini düşünməsidir! Odur ki, başınızı dik tutun və geriyə baxmadan irəliyə doğru addımlayın.
Sizin Turanə :)