Wednesday, March 2, 2011

Korrupsioner mübarizlər!

Yəqin ki, çoxunuz eşitmisiniz ki, Azərbaycan təhsil sistemində rüşvətxorluq baş alıb gedir, müəllimlər “hörmət”siz qiymət yazmır və tələbənin oxumasının heç bir əhəmiyyəti yoxdur. Təbii ki, burada böyük həqiqətlər var! Amma bir fakt nəzərdən qaçır ki, çox vaxt bunun arxasında məhz tələbələrin özü durur. Düzdür, müəllimlərin maaşı bugünkü bazarla müqayisədə çox aşağıdır. Bununla belə, özünə hörmət edən müəllimlər heç vaxt bu şərəfsiz yola əl atmırlar! Digər tərəfdən isə, bəzi tələbələr əziyyət çəkib oxumamaq naminə müəllimlərlə “danışığa” girməyə cəhd edir və havayı ballar əldə etmək üçün istənilən məbləği verməyə hazır olduqlarını nümayiş etdirirlər. Əgər biz rüşvətsiz təhsil istəyiriksə, ilk növbədə öz ideologiyamızı və mentalitetimizi dəyişməli və öz gələcəyimizi sual altında qoymamalıyıq! Bunu anamızın nənəsinin dilində desək, biz elə təhsilə nail olmalıyıq ki, dünya iş bazarında rəqabətə davam gətirə bilək. Biz dünyanı böhrandan xilas edən hansı iqtisadçılardan danışırıq? Küçədə dayanan peraşki satanla bizdə fərq bilirsiniz nə olacaq? O bazar qiymətlərini bizdən daha yaxşı anlayacaq! Gəlin papağımızı qarşımıza qoyub dərindən fikirləşək: Kimə lazımdır bizim kimi diplom sahibləri?